MƏLİKÇOBANLI PALÇIQ VULKANI

Şamaxı şəhərinin 12 kilometr cənub-qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin apardıqları monitorinqlər və ölçmə işləri başa

çatıb.

Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları, yəni brekçiya 0,5 hektara qədər əraziyə yayılıb. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov deyib.

Ş.Səfərov, həmçinin qeyd edib: “Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib. Hazırda vulkan aktivliyini tam dayandırıb.

Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə qeydə alınıb”.

Dünyadakı 800 palçıq vulkanından 300-ü Azərbaycandadır. Ölkəmizdəki palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdə olanlardan xeyli fərqlənir. Ölkəmizdəki bu tip vulkanların əksəriyyəti aktiv fəaliyyətdədir. Vulkanlarımızın bəzilərinin hündürlüyü 400 metrə çatır. Quruda olanların 21 faizi yer üzərinə neft çıxarır. Azərbaycanda sönmüş, gömülmüş, sualtı, ada palçıq vulkanları da mövcuddur. Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyir ki, vulkanlarının unikallığı ilə seçilən Azərbaycanı buna görə də "palçıq vulkanları diyarı" adlandırırlar".