1865-ci ilin qızmar bir yay günü 20 iyulda Polşanın Kemeyşi malikanəsində bir oğlan uşağı doğulur.
Atası Aleksandr Qusar alayında polkovnik leytenant hərbi rütbəsinə qədər ucalan bu uşağa Matsey adı qoyulur. Yeni doğulan övladlarının sevincini yaşayan ailə bəlkədə hələ bilmirdi ki, gün gələcək atası kimi hərbiçi olmaq istəyən Matsey nəinki ailəsinin, bütün Türk dünyasının qüruru olacaq Süleyman və ya Məmməd bəy Sulkeviç kimi tanınacaq. Atası kimi qorxmaz bir hərbiçi olmağı düşünən Məmməd bəy ilk hərbi təhsilini Voronej Kadet Korpusunda və Mixaylov Artilleriya Məktəbində əldə edir. Milliyətcə Polşa tatarı olan Sulkeviçin Türk dünyası və mədəniyyəti ilə yaxından tanışlığı ilə yaşamında böyük dönüş olur. Məmməd Bəy Sulkeviçin yaşamında baş verən dəyişiklıiklərə səbəb olan şəxsiyyətlərdən biri əgər Peterburq Universitetinin şərqşünaslıq üzrə polşalı professoru Muxlincki idisə, digəri lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığı ilə seçilən, Azərbaycanda ilk hərbi lüğətin yaradıcısı, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun artilleriya generalı Əliağa Şıxlinski idi. 1917-ci ilin Fevral İnqilabından sonra çar rusiyasının müstəmləkəsindən qurtulmaq istyənən xalqlardan biri də polşa tatarları idi. General-leytenant Məmməd bəy Sulkeviç 1918-ci ilin son aylarına kimi Krımda yaradılmış yerli hökumətin baş naziri, Müdafiə və Daxili işlər naziri kimi fəaliyyət göstərir. Yerli hökümət süquta uğradıqdan sonra bütün yaşamı savaşlarda keçən peşəkar bir zabit kimi Sulkeviç şərqdə ilk demokratik respublikasını qurmuş Azərbaycana dəvət alır. Azərbaycana dəvət alan Məmməd Bəy Sulkeviç bu dəvəti dəyərləndirmək qərarına gəlir. Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusuna qəbul edilməsindən dərhal sonra ordunun "düşünən beyni" formalaşdırılır. General-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi ordu hissələrinin formalaşmasında quruculuq işlərinin sürətinə və keyfiyyətinə böyük təsir göstərdi. 2-ci Bakı piyada və 3-cü Şəki süvari alaylarının formalaşdırılması və təşkili tezliklə başa çatdırılır. General Sulkeviçin 1919-cu ilin yazından və yayından başlayaraq Azərbaycanın şimal sərhədləri boyunca formalaşan Denikin təhlükəsinin qarşısının alınması üçün müdafiə tədbirlərinin həyata keçirilməsində xüsusi rolu olur. Arxiv sənədlərindən aydın olur ki, həmin dövrlərdə həyata keçirilən bir çox əsaslı müdafiə tədbirlərinin müəllifi general Sulkeviçdir. Azərbaycan Cümhuriyyətinin Ordu generalı Məmməd Bəy Sulkeviç 1920-ci lin fevralında bu günə qədər də bilinməyən səbəblərdən ordudan ayrıldıqdan sonra da Azərbaycanı tərk etmir. Azərbaycanda bolşevik işğalı baş verəndə Məmməd bəy Sulkeviç də Cümhuriyyətin bir çox general və zabitləri kimi həbs edilir və 1920-ci il iyulun 15-də, 55 yaşını qarşılamağa düz 5 gün qalmış Bayıl həbsxanasında sorğu-sualsız güllələnir. Beləcə milliyətcə Polşa tatarı olan Matsey, Məmməd Bəy Sulkeviçin Polşanın Kemeyşi malikanəsindən başlanan yaşam yolu doğulduğu torpaqlardan uzaq olsa da eyni soykökdən olduğu Azərbaycanda, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi kimi sonlanır.