MÜASİR TEXNOLOGİYALARLA HAZIRLANAN EV ZƏLZƏLƏ ZAMANI HAVAYA QALXIR

Güclü yeraltı təkanların daha çox baş verdiyi Yaponiyada mütəxəssislər baş verə biləcək dağıntıların qarşısını almaq məqsədi ilə yeni evlər inşa ediblər.

Baş verən güclü yeraltı təkanlar evləri və tikililəri uçura, yer sürüşmələri, sunamilərin yaranmasına şərait yarada bilər. Bu da nəticədə insan ölümünə səbəb ola bilər. Zəlzələnin daha çox müşahidə olunduğu ölkələrdən biri Yaponiyadır. Demək olar ki burada hər gün iki dəfə hiss edilən zəlzələlər müşahidə olunur. Güclü zəlzələlər ildə 1-2 dəfə, dağıdıcı zəlzələlər isə 10 ildən bir baş verir. Yeraltı təkanlar zamanı dağıntıları minimuma endirmək və insan tələfatının qarşısını almaq məqsədi ilə Yaponiyada mütəxəssislər havaya qalxan yeni evlər inşa ediblər. “Air Danshin Systems” şirkəti tərəfindən yaradılan ev zəlzələ baş verən zaman bir neçə santimetr havaya qalxır və zəlzələ dayanana qədər həmin vəziyyətdə qalır. Binanın özülünə yerləşdirilən sensorlar seysmik fəallığı hiss edir və hava kompressorlarına siqnal verir, sonra isə hava yastıqları dolur və ev havaya qalxır.Əslində Yaponiyada sözü gedən texnologiya 10 il bundan əvvəl yaradılıb, Ancaq 2011-ci ildə 8.9 bal gücündə baş verən güclü zəlzələdən sonra bu məsələyə diqqət yenidən artırılıb. Xatırladaq ki, Hazırda Yaponiyada 100-ə qədər havaya qalxan ev var.