MUĞLANIN KÖYCEĞIZ RAYONUNDA BEŞ KƏNDİN ƏHALİSİ TƏXLİYƏ OLUNUB
Baxış sayı: 1172
Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının şiddətlənməsi beş kəndin əhalisinin təxliyəsinə səbəb olub. Rayonun Çayhısar, Sazak, Pınar, Zeytinalanı və Bəyabbası kəndlərinin əhalisi təhlükəsizlik məqsədilə tam şəkildə köçürülüb. Türkiyəyə qardaş yardımına gələn azərbaycanlı yanğınsöndürənlərin böyük bir hissəsi ötən gün Bakı vaxtı ilə saat 14:30 radələrində Sazak kənd məscidinin ərazisinə gəliblər. Burada yanğınsöndürənlərimiz müəyyən olunan təyinat üzrə işlərini davam etdirəcəklər. Bölgəyə yardım üçün gələn qüvvələrin əsas hissəsi buradan idarə olunur. Rayonun dörd bir tərəfindən yanğınlar müşahidə olunur. Daxili yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının asfalt yolları əhatə etməsi ciddi risklər yaradıb. Zəruri işlər, o cümlədən təxliyə, yanğın dövründə salınmış alternativ torpaq yollarla həyata keçirilir. Yanğınların qarşısını almaq üçün helikopter, ağır texnika və yağınsöndürən maşınlar intensiv çalışır.