"MİSSİYA" TAMAŞASI SUMQAYIT TEATRININ SƏHNƏSİNDƏ

Sumqayıt Dövlət Dram Teatrında Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Missiya" tamaşası nümayiş etdirildi. Tamaşaya millət vəkilləri, şəhər ictimaiyyəti, Şəhid ailələri və Qazilər dəvət olunmuşdu. Tamaşadan öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Millət vəkili Müşfiq Məmmədli çıxış edərək yaxın tariximizin ağrılı-acılı günlərini, Xocalı soyqırımında ermənilərin insanlığa sığmayan vəhşilik aktlarını xatırlatdı. Natiq bildirdiki, Vətən müharibəsində qazanılan qələbə bütün Şəhidlərin, o cümlədən Xocalı Şəhidlərinin ruhunu toxtatdı.Sonra M.Məmmədli yaradıcı heyətə uğurlar arzuladı, qeyd etdi ki,hər bir əsər dövrün salnaməsini əks etdirməlidir, ictimai- siyasi prosesləri gələcəyə çatdırmalıdır. Bu mənada "Missiya"nın missiyası təqdirə layiqdir.Tamaşa böyük alqışlarla qarşılandı. Səhnə əsərində Xüsusi təyinatlıların mayoru Mübariz Eyvazov Şuşa yaxınlığında ağır yaralanıb komaya düşür. Ruhlar aləmində 1992-ci ildə Şuşa uğrunda Şəhid olmuş atası ilə görüşür. Ata ilə oğulun söhbətində və atanın xatırlamalarında erməni vandalizmi açıqlanır, bugünkü Azərbaycan Ordusunun qüdrəti xatırlanır. Mayor hospitalda gözlərini açanda Ali Baş Komandanın fərəh və iftixarla söylədiyi ifadələr ieşidir:- Əziz Şuşa,sən azadsan! Sonda ziyalılar səhnəyə çıxaraq yaradıcı heyəti təbrik edib və düşüncələrini bölüşdülər.