MEŞƏ YANĞINLARININ AZƏRBAYCAN TURİZMİNƏ VURDUĞU ZƏRƏR
Baxış sayı: 494
Bir neçə gündür ki, Azərbaycanın şimal və şimal-qərb rayonlarında meşə və meşəətrafı ərazilərdə yanğınlar davam edir. Bu müddət ərzində ölkənin flora və faunasına ciddi ziyan dəyib. Həmçinin yaşayış yerinə keçdiyi üçün bir neçə ev də yararsız vəziyyətə düşüb. Yanğının görünən fəsadları hələ ki bunlardır. Amma hadisənin bir də görünməyən tərəfi var. Bu isə turizm ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan turizmi uzun müddət qonşu Türkiyə və Gürcüstanla müqayisədə inkişafdan geri qalıb. Son dövrlər isə aradakı fərqi azaltmaq məqsədilə zəngin meşəsi olan bölgələrimizə dövlət səviyyəsində diqqət ayrılır, o cümlədən sahibkarlar tərəfindən investisiya qoyulur. Turizmin yeni-yeni dirçəlməyə başladığı vaxtda isə meşə yanğınları közərən ümidləri bir növ puç etdi.
Dəfələrlə insanlara meşəyə plastik qablar və siqaret kötükləri atmasınlar, ocaq qalayanda diqqətli olsunlar – deyə bilgilər verilir. Ancaq son günlər baş verən meşə yanğınları onu deməyə əsas verir ki, bu istiqamətdə maarifləndirici işlər daha da genişləndirilməlidir.