MEŞƏ YANĞINLARINA QARŞI QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Quba Rayon İcra

Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib. Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Fövqəladə Hallar Nazirinin baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də Quba, Abşeron, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayon, həmçinin Sumqayıt şəhər yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov müşavirəni açaraq qonaqları salamlayıb, regional müşavirənin önəminə diqqət çəkərək bildirib ki, yanğın hadisələrinin sayında müşahidə olunan artımın başlıca səbəbi insan faktorudur və küllü miqdarda maddi ziyanla nəticələnən yanğın hadisələrinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi vacibdir.Daha sonra çıxış edənlər meşə təsərrüfatının qorunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, yanğınla mübarizə istiqamətində hər şeydən əvvəl maarifləndirici addımların atılmasına ciddi ehtiyac var. Yanğınların baş vermə hallarının qarşısının alınmasına, eləcə də baş verən yanğın hadisələrinə vaxtında müdaxilə olunmasına dair təkliflər irəli sürülüb. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri çıxışlarında aidiyyəti üzrə qurumların rəhbərlərinə və nümayəndələrinə tapşırıqlarını veriblər. Qeyd edək ki, müşavirə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin “Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün Birgə Fəaliyyət Planı”na uyğun olaraq keçirilib.Müşavirədən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Fövqəladə Hallar nazirinin baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev tərəfindən Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edilib.