Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları , özünəməxsus adət-ənənələri və gözəl təbii landşaftı ilə məşhurdur.O, Azərbaycanın paytaxtı Bakıdan şimal-qərbdə 180 km,
Müsüslü dəmir yol stansiyasından 71 km aralıda yerləşir.Relyefi əsasən dağlıq olmaqla dəniz səviyyəsindən 1200-1500 m hündürlükdədir. Lahıc Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləşib.Onun ərazisindən həmçinin Lilo, İl ,Cəfələ və Kişlər kimi kiçik çaylar da axır.Bura Bakı-İsmayıllı avtomobil yolunin İsmayıllıya 11 km qalmış dönüb daha 21 km yol qət etməklə gəlmək olar.Onu hər tərəfdən dağlar əhatə etmişdir. Onun əlaqəsi 2 avtomobil yolu istisna olmaqla yalnız dağ çığırları ilədir. Lahıc toponimini şərqşünas V.Minorski bu ərazidə mövcud olmuş Layzan şahlığının adı ilə əlaqələndirir. Xalq arasında yayılan fərziyyələrə görə Lahıc sözünün etimologiyası “Həcc yolu” , ”Daşlıq yer ” , “Böyük su kənarı” , “Köçməyənlər ” , “Tayfa,ləhcə ” və s. kimi mənaları ilə izah olunur. Lahıcın 2000 ildən artıq tarixi var. Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları , gil qablar burada yaşayışın hələ qədim zamanlarda olmasından xəbər verir.Bu torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Lahıc özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Bu məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə -meydanları olan və inkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik kiçik bir orta əsr şəhəridir. Burada iki və üç mərtəbəli evlər və ictimai hamamlar görmək mümkündür . Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir . Lahıc Tarix-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunmaqdadır.Bura 5 məscid , 3 hamam , 60-dan artıq yaşayış evi , 1 körpü ,onlarla qəbirüstü daş , 1 su dəyirmanı , bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar aiddir . Tikintilərin əksəriyyəti XII- XIX əsrlərdə yerli tikinti materiallarında inşa edilmişdir. Ağsaqqalların dediyinə görə, Lahıc yeddi məhəllələyə bölünürdü : Ağalı, Bədöyun, Pishta, Zəvəro, Ərəgit, Dərelilo və Bagmija. Lahıcda hər məhəllənin öz məscidi, bulağı, hamamı, və s. vardı. Lahıc sənətkarlarının ustalığı Azərbaycan xalqının dekorativ-tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə özünəməxsus memarlıq və adət-ənənləri ilə məşhur deyil , həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə tanınır. Burada 127-yə yaxın sahəsi inkişaf etmiş sənətkarlığı qeyd etmək lazımdır. XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı. Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür , həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq , dəmirçilik, bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır. Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tam azad edib. Lahıcda ən məşhur sənət misgərlik olub. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq yüz illərdir ki , Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. O mis məmulatlarla nəinki Azərbaycanı ,həm də bütün Qafqazı təmin edirdi. Buradan məhsullar İrana və Kiçik Asiyaya ixrac edilirdi. Lahıcda həkkaklıq, qalayçılıq, dəmirçilik, dabbağlıq, çəkməçilik, xalçaçılıq, papqçılıq, toxuçuluq və s sənət növləri də geniş yayıyıb. Azərbaycana gələn əksər turistlər mütləq Lahıca gəlməyə çalışırlar. Lahıc Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilib.Qonaqların istiraəti üçün mehmanxana, qonaq evləri və restoranlar təklif edilir.