KƏPƏNƏKLƏRİN KÜTLƏVİ UÇUŞU

Mayın 30-dan başlayaraq şimal rayonlarının ərazisində kəpənəklərin kütləvi uçuşu müşahidə olunur. Küllük kəpənəkləri adlanan zərərvericilər Xəzər dənizi istiqamətindən Xaçmaz, Quba, Şabran

rayonları ərazisinə uçurlar.

Quba rayon Bitki Mühafizə Mərkəzindən bildirilib ki, bu kəpənəklər əsasən şeytanqanqallı, gicitkən, türpəng kimi alaq otları bitən sahələrdə qidalanaraq geniş ərazilərdə yayılır.

Yaxşı miqrasiya etmək qabiliyyətinə malik olan kəpənəklər miqrasiyadan əvvəl birləşərək böyük sürülər əmələ gətirirlər. Əsasən də iki istiqamətdə - yazda cənubdan şimala, payızda şimaldan cənuba miqrasiya edirlər.

Mütəxəssis küllük kəpənəklərinin əsasən alaq otları ilə qidalandığı üçün meyvə bağlarına, həmçinin taxıl və digər əkin sahələrinə zərər vurmayacağını deyib.

Mütəxəssilər bununla bağlı əhaliyə müraciət edərək bildirirlər ki, əgər zərərvericilərin yaşıllıqlara və əkin sahələrinə ziyan vurması halları müşahidə olunarsa, müvafiq məsləhət almaq üçün rayon Bitki Mühafizəsi mərkəzlərinə müraciət etsinlər.