KƏND SAKİNİ GÖRÜLƏN İŞLƏRƏ GÖRƏ İCRA BAŞÇISINA TƏŞƏKKÜR ETDİ
Baxış sayı: 20
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada sosial-iqtisadi sahədə əldə olunan uğurlar, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflərin operativ şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Vəlvələ kəndində yaradılan Şəhidlər xatirə kompleksinin və Vəlvələ kənd tam orta məktəbinin qarşısında qoyulan Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Mursalovun büstünün önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edibdir.
