KÖHNƏLMİŞ AES TƏHLÜKƏ QAYNAĞIDIR

Ermənistanda ekoloji cəhətdən təhlükəli “Metsamor” AES-in təmirə dayandırılması müddəti təxirə salınıb.

AZƏRTAC “Strana Rosatom” nəşrinə istinadla xəbər verir ki, bu məlumatı qəzetə müsahibəsində “Rusatom Servis” şirkətinin baş direktoru Yevgeni Saltıkov verib.

Y.Saltıkov qeyd edib ki, tezliklə Rusiya və Ermənistanın Maliyyə nazirlikləri Yerevana bu məqsədlə verilən kreditlərin müddətinin uzadılmasını müzakirə edəcəklər. “Metsamor” AES-in əsaslı təmirini həyata keçirəcək olan bu şirkət Rusiya hökumətindən 15 il müddətinə alacağı 270 milyon dollaradək kredit və 30 milyon dollar qrant hesabına fəaliyyət göstərəcək. Bununla bağlı 2014-cü ildə saziş imzalansa da, hələ vəsaitin verilməsi və təmirə başlanılması gerçəkləşməyib. Belə ki, AES-in işinin 2019-cu ilin sonunadək dayandırılması nəzərdə tutulurdu, lakin bu plan yenə də təxirə salınıb. Qeyd olunur ki, bu stansiyada generatorların turbininin dəyişdirilməsi, nüvə reaktorunun metal divarlarının möhkəmləndirilməsi işləri aparılmalıdır. “Metsamor” AES-də ikinci enerji blokunun da istismar müddəti 2016-cı ildə başa çatıb. Artıq köhnəlmiş AES təkcə Ermənistana deyil, bütün regiona ciddi təhlükə mənbəyinə çevrilib.