KOSMETİK MALLARIN HEYVANLAR ÜZƏRİNDƏ SINAĞI

Bir anlıq təsəvvür edin: saçınızı yuyursunuz və birdən bir damla şampun təsadüfən gözünüzə düşür. Nə edərsiniz? - Əlbəttə ki, dərhal gözlərinizi yumaq istəyəcəksiniz, çünki gözünüz göynəyəcək. Bəs, gözünüzə bir çay qaşığı şampun töksələr və onu yumaq imkanınız olmasa nə edərsiniz?Heyvanlar üzərində kosmetika sınaqlarının aparıldığı laboratoriyalarda təcrübə dovşanlarının başına məhz bu dəhşət gətirilir.Bu sahədə heyvanlar üzərində ən çox yayılmış sınaq metodu hələ 1940-cı illərdən tanınan Drayz testidir.Əvvəlcə dovşanın göz qapağının altına sınaqdan keçirilən maddə tökülür və bunun buynuzlu qişaya necə təsir göstərəcəyi gözlənilir. Bu, əksər hallarda buynuzlu qişanın dumanlanması və ya heyvan gözlərinin ümumiyyətlə funksiyalarını icra edə bilməməsi ilə yekunlaşır.Lakin əgər gözün buynuz təbəqəsi və selikli qişası ilə bağlı dramatik heç nə baş vermirsə, sınaq davam etdirilir. Mayelərin sınaq müddəti 24 saatdır.Sınaq zamanı dovşanın başı xüsusi yaxalıqla möhkəm bərkidilir və heyvan preparatın yeridildiyi gözünü pəncəsi ilə heç cür ova bilmir.Bir sutkadan sonra sağlam gözü sınaqdan keçirilən maddənin yeridildiyi gözlə müqayisə edilir.Tez-tez gözün buynuz təbəqəsi dumanlanır, bu zaman heyvan 21 günə qədər müşahidə altında saxlanılır. Dovşan yeridilən preparatlardan dəhşətli əzablar çəkdikdə onları iynə vuraraq öldürürlər.Lakin bu, son deyil, belə ki, sınaq mənfi nəticə verərsə, onu ikinci dovşanın üzərində davam etdirirlər.Pişiklər, itlər, dovşanlar, siçanlar, meymunlar üzərində təmizləyici vasitələr də sınaqdan keçirilir. Bu zaman əvvəlcə onların xəzlərini çıxarır, dərilərini soyur, daha sonra isə bədənlərini sınaqdan keçirilən maddə ilə silirlər.Bu sınaqlar heyvanlara dəhşətli və təsəvvüredilməz əzablar verir, halbuki hazırda kosmetika vasitələrini sınaqdan keçirmək üçün çoxlu sayda digər alternativ metodlar mövcuddur.Hər il oxşar əzablara orta hesabla 50-100 milyon heyvan məruz qalır. Bu qəddarlığa dəstək verməmək üçün biz nə edə bilərik?İlk növbədə, istifadə etdiyiniz bütün gigiyenik, kosmetik vasitələr, o cümlədən parfümeriyaya diqqət yetirin. İstehsalçıları onları heyvanlar üzərində sınaqdan keçirməyiblərsə, o zaman həmin vasitələr "ağ" adlandırılan və ya etik siyahıda yer alır. Bu o deməkdir ki, o, ya təkcə bitki məhsullarından hazırlanıb, ya da heyvanlardan istifadə edilmədən alternativ metodlarla sınaqdan keçirilib.Bir qayda olaraq, belə məhsulların üzərində dovşan şəkli əks olunur, "heyvanlar üzərində sınaqdan keçirilməyib" və s. qeyd edilir. Sevimli flakonunuzun üzərində bu işarə yoxdursa, o zaman həmin məhsul, çox güman ki, "qara" adlanan siyahıya daxildir. Qey edək ki, bütün dünyada məşhur olan kosmetika brendlərinin böyük əksəriyyəti məhz bu siyahıda yer alır.