KİYEV ŞƏHƏRİ BOMBARDMAN EDİLİR
Baxış sayı: 518
Kiyevin mərkəzində bir neçə partlayış baş verib. Bu barədə Ukrayna mətbuatı bilgi yayıb. Bilgidə qeyd olunur ki, oktyabrın 10 – u səhər saatlarında Rusiya ordusunun hava hücumu zamanı paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bildirilib ki, hava zərbəsi təhlükəsi yerli vaxtla saat 06- 47 – də elan edilib. Səhər saat 8 – dən sonra Kiyevdə 4 partlayış qeydə alınıb. Daha sonra hücumla bağlı bilgini şəhərin meri Vitaliy Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda, metroya yaxın ərazidə yerləşən Tolstoy küçəsində qeydə alınıb. Hadisə zamanı itkilərin olduğu bildirilir. Nəqliyyat vasitələrinə və yaşayış evlərinə ziyan dəyib. Qeyd edək ki, paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vlodimirskaya küçəsində yerləşən Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Kiyevin mərkəzinə yerləşən, piyada və velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan Kliçko körpüsü də Rusiya ordusu tərəfindən vurulub. Partlayış anı ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Xatırladaq ki, bu gün səhər saatlarında etibarən Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb. Son bilgiyə görə, Kiyevin mərkəzinə raket hücumu nəticəsində beş nəfər ölüb, 12 nəfər yaralanıb.