İLHAM TAĞIYEV – İSTEDADLARIN MÜƏLLİMİ

Rənglərin dili, fırçanın qüdrəti və sənətə sonsuz sevgi... Bəziləri üçün rəssamlıq sadəcə bir peşədir, bəziləri üçünsə həyatın ayrılmaz hissəsi. Qubalı rəssam İlham Tağıyev üçün də sənət illərdir ki, həm həyat yolunun, həm də pedaqoji fəaliyyətinin əsasını təşkil edir.

O, uzun illərdir öz bilik və bacarığını gənc nəslə ötürür, şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verir.İlham Tağıyev 1966-cı ildə Quba rayonunun Bağbanlı qəsəbəsində anadan olub. Orta məktəbi 1983-cü ildə bitirdikdən sonra Əziz Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Lakin təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmalı olub. 1984-cü ildə sovet ordusu sıralarına çağırılan gənc rəssam xidmətini Tatarıstanda keçir. Rəssamlıq bacarığı hərbi xidmətdə də onun köməyinə çatıb. Hərbi hissədə yazıların hazırlanması, şəkillərin çəkilməsi və digər bədii işlər məhz ona həvalə olunub. Gördüyü işlərə görə komandanlıq tərəfindən dəfələrlə diplom və tərifnamələrlə mükafatlandırılıb.İkiillik hərbi xidmətini başa vurduqdan sonra, 1986-cı ildə yenidən təhsilinə qayıdıb. 1989-cu ildə Rəssamlıq Məktəbini bitirərək sənət yolunda növbəti mərhələyə qədəm qoyub. Belə ki, 1990-cı ildə Qubada yaradılan rəssamlıq kooperativində əmək fəaliyyətinə başlayan İlham Tağıyev bir il sonra Quba Xalq Yaradıcılıq Məktəbində müəllim kimi çalışmağa başlayıb. Onun pedaqoji fəaliyyətində yeni mərhələ isə 1993-cü ildən başlayıb. Həmin ildən Bağbanlı qəsəbəsində yerləşən Rövşən Mütəllimov adına tam orta ümumtəhsil məktəbində təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir.Qeyd edək ki, doğma məktəbi İlham müəllim üçün sadəcə iş yeri deyil, bura həm də illərdir bilik və təcrübəsini bölüşdüyü, şagirdlərinin istedadını üzə çıxarmağa çalışdığı bir məkandır. İlham Tağıyev müəllimlik fəaliyyəti ilə yanaşı, on il ərzində Quba ümumi təyinatlı internat tipli ümumtəhsil müəssisəsində də çalışıb. Bu müddət ərzində onun əsas məqsədi şagirdlərə yalnız rəsm çəkməyin qaydalarını öyrətmək deyil, həm də onlarda estetik zövq, yaradıcılıq düşüncəsi və sənətə maraq formalaşdırmaq olub. Onun yetişdirdiyi şagirdlər rayon və ölkə səviyyəsində keçirilən müxtəlif yarışlarda uğurla iştirak edərək layiqli yerlər tutublar. Bu nəticələr isə müəllimin illər ərzində çəkdiyi zəhmətin, səbrinin və sənətə bağlılığının göstəricisidir. İllər dəyişir, nəsillər bir-birini əvəz edir. Ancaq sənətə sevgi və öyrətmək həvəsi dəyişməz qalır. Ömrünün böyük hissəsini rəssamlığa və müəllimliyə həsr edən İlham Tağıyev bu gün də doğma məktəbində fəaliyyətini davam etdirir. Onun həyat yolu göstərir ki, sənətin əsl dəyəri yalnız çəkilən rəsmlərlə deyil, həm də yetişdirilən istedadlarla, şagirdlərin qazandığı uğurlarla ölçülür. Qubalı rəssamın fırçası kətan üzərində rənglər yaradırsa, müəllim kimi fəaliyyəti gənclərin gələcəyinə yeni çalarlar qatır.