IV “LiFFt” FESTİVALLAR FESTİVALI

Mayın 27-də Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt" festivallar festivalının Azərbaycanda keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub. Avrasiya Millətlər Assambleyası və Rusiyanın "LiFFt"

Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək. Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.

BMT-nin himayəsi altında, UNİSEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etir.

2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin "LiFFt" festivallar festivalında 27 ölkədən qatılan 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub.

Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Konfransda qeyd olunub ki, festivalda materik ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq.

Keçiriləcək ədəbiyyat forumları, "dəyirmi masa"lar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.