Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyanın Pirəbbə kəndində anadan olub. Onun İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. 1948-ci ildə Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak edir.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirir. Bundan sonra Onu institutda müəllim kimi saxlayırlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmır, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır.
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, "təhlükəli ictimai mübarizə" yolundan çəkindirməyə çalışırlar.
1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunan şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilir. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Xalqın istiqlal şairi 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk "İstiqlal" ordeni ilə təltif edildi.