İSRAİL İRANIN NÜVƏ OBYEKTLƏRİNƏ ZƏRBƏ ENDİRƏCƏK

İran ərazisindən İsrailə raket zərbələri endirilib. Bu barədə İsrail ordusunun mətbuat xidməti bilgi yayıb. İran tərəfindən İsrailə 100-dən çox ballistik raket atılıb. Hazırda İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirir. Verilən son bilgilərə görə, İran İsrailə ümumilikdə 400-dən çox raket atıb. İran mediasının verdiyi digər bir bilgiyə görə isə İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb. Bundan əlavə, CNN TÜRK İsrailə indiyədək 500-dən çox raketin atıldığı barədə informasiya yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb. Bu barədə İranın "Tasnim" agentliyi bilgi yayıb. SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək. "The Jerusalem Post" qəzeti isə İrandan İsrailə 500-dən çox raket atıldığını bildirib. İndi dünyanı düşündürən əsas sual İsrailin İrana hərbi reaksiya verib- verməyəcəyidir. Qeyd edək ki, İsrail bundan öncə İran tərəfindən hücum olacağı təqdirdə, bu ölkə ərazisindəki nüvə obyektlərinə zərbə endirəcəyi barədə xəbərdarlıq edibmiş. Bu barədə “Voll Strit Jurnal” bilgi yayıb. Bildirilib ki, İran sentyabrın 30-da ərəb ölkələrinin rəsmilərinə İsrailə qarşı miqyası təxminən aprel hücumuna bərabər olacaq hücum planlaşdırdığını bildirib. Buna cavab olaraq İsrail İrana açıq şəkildə söyləyib ki, miqyasından və itkilərin olub-olmamasından asılı olmayaraq, öz ərazisinə edilən istənilən hücuma cavab verəcək. Qeyd olunur ki, İsrail İranın neft sənayesi və nüvə infrastrukturunu vurmağa hazır olduğunu birbaşa bəyan edib.