İRANDA ETİRAZÇILARLA POLİS ARASINDA TOQQUŞMA BAŞ VERİB

İranın paytaxtı Tehranın ətrafındakı Kərəcdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar zamanı 10 polis əməkdaşı yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. “Associated Press”in məlumatına görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında ölənlər ola bilər. Agentlik İran dövlət mediasına istinadən azı iki nəfərin öldüyünü və mediada polis maşınlarına edilən hücumlara dair görüntülər yayıldığını bildirib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polis helikopterinin etirazçılar üzərində dövrə vurmasına dair paylaşımlar da var. Xatırladaq ki, etiraz aksiyası nümayiş zamanı güllələnən 22 yaşlı Hədis Nəcəfinin ölümünün 40-cı günündə səhər saatlarında başlayıb.