İRAN XARİCİ KƏŞFİYYAT XİDMƏTLƏRİNİ GÜNAHLANDIRIR

İranın Təhlükəsizlik Nazirliyi ETTELAAT və İslam İnqilabı Keşikçiləri Korpusunun təhlükəsizlik təşkilatı, yəni SEPAH İranda baş verən son iğtişaşlarla bağlı ilk dəfə birgə bəyanat yayıb. APA-nın Tehran bürosunun verdiyi bilgiyə görə, birgə bəyanatda bildirilib ki, mövcud bilgilər əsasında son iğtişaşların casus xidmətləri tərəfindən layihə paketi şəklində bəzi qruplar və şəbəkələr vasitəsilə həyata keçirildiyi aşkar olunub. İran işğitaşlarla bağlı ABŞ, Böyük Britaniya, İsrail, Türkiyə, Ermənistan və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərini "əsas rol oynamaqda" ittiham edib. Qeyd edək ki, bu arada Sistan və Bəlucistan əyalətlərinin Zahidan şəhərində cümə namazından sonra nümayiş başlayıb. Mitinq iştirakçılarını döyüş patronları ilə güllələyiblər. Etiraz aksiyaları zamanı iki nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilir. Sistan və Bəlucistan təhlükəsizlik şurası hadisələrlə bağlı açıqlama verib. Zahidan cümə imamının xəbərdarlıqlarına baxmayaraq təəssüf ki, bəzi fürsətçi insanlar xaos və etibarsızlıq yaratmaq üçün ətraf küçələrə toplaşdılar. Naməlum şəxslərin açdığı atəş nəticəsində çox sayda vətəndaş və təhlükəsizlik işçisi yaralanıb. Aksiyanı dağıtmaq üçün əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.