İRAN TÜRK DİLİNƏ RƏSMİ DÖVLƏT DİLİ STATUSU VERİR?

İranda türk dilinə rəsmi dövlət dili statusunun verilməsi tələbi ilə kampaniya başladılıb. Bu barədə mədəni fəallar bilgi yayıb.Verilən bilgiyə görə, bu tələblə başladılan imza kampaniyasına minlərlə şəxs qoşulub. “Dəyərli dost, dil ədalətini gerçəkləşdirmə kampaniyası türk dilini İranın rəsmi dillərindən biri olaraq tanınması üçün çalışır. Buna görə də sizdən xahiş olunur ki, bu petisiyanı imzalamaqla bu qanuni və ədalətli tələbimizi dəstəkləyəsiniz. Sizin imzanız dil ayrı-seçkiliyini aradan qaldırmaq və mədəni haqlarımızı əldə etmək yolunda təsirli bir addımdır”, - deyə müraciətdə bildirilib. Qeyd edək ki, İranda 30 milyondan çox azərbaycanlı yaşadığı vurğulanır. İllərdir fəallar ana dilində dərs almaq tələbi irəli sürür, bunun olmamasına etiraz edənlər arasında hazırda həbsdə yatanlar da var, sürgündə olanlar da. İranda milli azlıq hesab edilən türklər tez-tez milli hüquqlqrının təmin olunması yönündə bir sıra tələblər səsləndirirlər. Bu tələblər əksər hallarda ana dilində təhsillə türklərə qarşı diskriminasiya siyasəti ilə bağlı olur. 2022-ci ildə ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev bu mövzuya toxunmuşdu.İran rəsmiləri inkar etsələr də bu ölkə insan haqlarının ən çox və kobud şəkildə pozulmasına görə tez-tez beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur. Hətta bu ilin fevralında Təbrizdə keçirilən Mədəniyyət Həftəsinin bağlanış mərasimində İran Prezidenti Məsud Pezeşkianın doğma Azərbaycan dilində danışması və Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəni səsləndirməsi müəyyən qıcıq yaradıb və o, sözünü yarımçıq kəsmək məcburiyyətində qalıb. Təbrizin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munadi isə bildirib ki, İranda əhalinin 60%-i türkcə danışır, bu dil danışanların sayına görə dünyada üçüncü yeri tutur, İranın qonşuları olan Türkmənistan, Azərbaycan və Türkiyənin rəsmi dövlət dilidir. Bu dil mədəni ünsiyyət, əlaqələr sahəsində İran üçün bir fürsət ola bilər. #İran #dövlətdili #türkdili