İQTİSADİ YÜKSƏLİŞİN YENİ ÜNVANI– SƏDƏRƏK
Baxış sayı: 95
Azad zona, başqa adla desək franko zona dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir və vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, Azad İqtisadi Zona – xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Bu gün artıq Azərbaycanda da azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək. Prezident İlham Əliyevin imzaladığı, Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı haqqında sərəncama əsasən, Sədərək rayonu Azad İqtisadi Zonaya çevriləcək. Bu sərəncam – təkcə iqtisadi layihə deyil. Bu, gələcək naminə verilmiş strateji qərardır. Bu gün Sədərək yeni bir dövrə qədəm qoymağa hazırdır. Bu, Azad İqtisadi Zona dövrüdür. Əgər Sədərək Azad İqtisadi Zonaya çevrilərsə, bu bölgə nəinki Azərbaycanın, həm də Türk dünyasının və İpək Yolu marşrutunun iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Buradan keçən yol həm enerji, həm bilgi, həm də dəyərlər yoludur. Bu sərhəd yalnız xəritədə deyil, Türk Dünyasının birliyində açılmalıdır.