İNSANLARIN 70 FAİZİ İNTERNETDƏKİ MƏLUMATLARA İNANMIR

16-21 yaşlı britaniyalıların 46 faizi gəncliklərini internetsiz keçirməyə üstünlük verir. Bu barədə "The Guardian" nəşri sosioloji araşdırmanın nəticələrinə istinadla bilgi yayıb. Sosioloqlar müəyyən ediblər ki, 16-21 yaş aralığındakı gənclərin təxminən 70 faizi sosial şəbəkələrdə vaxt keçirdikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Rəyi soruşulanların 50 faizi axşam saat 22:00-dan sonra müəyyən proqramlara və saytlara girişin məhdudlaşdırılmasını nəzərdə tutan "rəqəmsal komendant saatı"nı dəstəkləyib. Tədqiqat iştirakçılarının 25 faizi sosial şəbəkələrdə gündə dörd saatdan çox vaxt keçirdiklərini etiraf edib. Eyni zamanda, respondentlərin 42 faizi onlayn fəaliyyətləri barədə valideynlərinə yalan danışdıqlarını bildirib. Sorğuda iştirak edənlərin 27 faizi isə internetdə özlərini tamamilə fərqli insanlar kimi təqdim etdiklərini etiraf ediblər. Başqa bir araşdırma isə internetdə verilən informasiyaya insanların inam səviyyəsini ölçməklə bağlıdır. Bu araşdırma, müxtəlif ölkələrdə müxtəlif təşkilatlar tərəfindən müstəqil şəkildə həyata keçirilib. Əlbətdə ki, internetdə yerləşdirilən xəbər və ya digər məlumatlara insanların etimad etməsinin ən aşağı səviyyədə olması heç kimə sirr deyil. Əslində internet qədər heç kimə lazım olmayan bu qədər “məlumat zibilinin” olduğu başqa bir yer yoxdur. Onu da deyək ki, bütün bunları şüurlu şəkildə qəsdən yaradırlar. İngiltərədə informasiyaya xüsusilə də reklamlara nə dərəcədə etibar edirsiz mövzusunda aparılan araşdırmalardan biri maraqlı nəticələr verib. Sorğuda iştirak edən respondentlərin bir çoxu “İnternetdə verilən hansı məlumatlara daha çox inanırsınız?” sualına, “Heç bir məlumata inanmıram” cavabını veriblər. Respondentlərin 70%-dən çoxu isə “İnternetdəki məlumatları etibarsız saydıqlarını” bildirdilər. Son zamanlar məlum oldu ki, İnternetin özü və onunla əlaqəli hər şey insanlara təsir etməkdə gözlənildiyi qədər təsirli deyil. İnkişaf etmiş ölkələrdə çoxlu sayda insan, sadə dillə desək, rəqəmsal istehlakın “həddindən artıq dozasını” qəbul etdiklərindən bezdiklərini deyirlər. Hətta yeni bir termin də yaranıb - rəqəmsal yorğunluq. Bu gün kifayət qədər gənc və həyatda müəyyən uğur qazanmış insanların öz hesablarını sosial şəbəkələrdən silməsi, kompüter və mobil telefonla “ünsiyyəti” minimuma endirməsi, artıq trend halına çevrilib.