İMİŞLİDƏ SƏLCUQ İMPERİYASININ YURDU
Baxış sayı: 855
Ölkə ərazisində zaman-zaman aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri bu ərazilərin tarixən qədim köklərə bağlandığını bir daha sübut edir. Onlardan biri də İmişli rayonunun Qızılkənd kəndinin ərazisində yerləşən Qızıltəpə adlanan yaşayış məntəqəsi abidəsidir.
Qızıltəpə yaşayış məntəqəsi 4 hektar ərazini əhatə edir. Abidə iki hissədən ibarətdir. Ən hündür hissəsi Narınqala adlanır ki, onun da hündürlüyü 15 metrə çatır. Qızıltəpə yayaşış məntəqəsi tarixin müxtəlif dövürlərini - əsasən də orta əsrlər dövrünü əhatə edib. Arxeoloji qazıntılar zamanı buradan Kür-Araz mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri də aşkar olunub. Sonrakı vaxtlarda Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub. Bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb.
Bura artıq təpə yox möhtəşəm bir qəsr hesab olunur. Ərazinin unikallığı isə ətrafının su hövzəsi ilə əhatə olunmasıdır. Bu isə onu deməyə əsas veriri ki, bu ərazi qorunan bir qala olub.
Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Ümumiyyətlə araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Qazıntılar zamanı gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Həmçinin müxtəlif ocaq izləri, təndir tikililərinin qalıqları da aşkar olunub.