İLHAM ƏLİYEV YARADILAN ŞƏRAİTLƏ TANIŞ OLDU

Prezident İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə bağlı bilgi verdi. Diqqətə çatdırıldı ki, Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir. Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib. Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış oldu. İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb. Bu gün Azərbaycanda idmanın cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb. Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub. Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.