İLAXIR ÇƏRŞƏNBƏ - TORPAĞIN OYANDIĞI GÜNDÜR

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur. Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün, həm də bu çərşənbə İlaxır çərşənbə kimi tanınır. Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “papaqatma” mərasimini icra edirlər. Papaq atılandan sonra gizlənirlər. Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.