İKİNCİ MİLLİ YAYLAQ FESTİVALI BAŞLADI

Hal hazırda II Milli Yaylaq Festivalının keçirildiyi etnoqəsəbənin ərazisində yaşayış yurdları, Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər müxtəlif mövzulu sahələr qurularaq qonaqların ixtiyarına verilib. Festivalın ilk günündə türk dünyasının və Avropa ölkələrinin rəğbətini qazanan, Qazaxıstanın orijinal musiqi kollektivlərindən olan “Turan” etnoqrafik folklor ansamblı çıxış edəcək. II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir. Bildirilib ki, festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.