III QUBA SİMPOZİUMU ÖZ İŞİNƏ BAŞLADI
Baxış sayı: 23
“Qoruqlar və Muzeylər – Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu öz işinə başlayıb. Artıq gələnəyə çevrilmiş bu tədbir Quba “Soyqırımı Memorial Kompleksi”ndə gerçəkləşib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kompleksin təşkilatçılığı ilə keçirilən simpoziumda dövlət rəsmiləri, elm adamları, muzey və qoruq əməkdaşları, ziyalılar, eləcə də gənc fəallar iştirak ediblər.Simpozium öncəsi iştirakçılar rəssam Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra tədbir rəsmi hissə ilə davam edib. Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxışında bildirib ki, son 12 ildə 1 milyondan çox ziyarətçi qəbul edən kompleks bu kimi simpoziumlarla qoruq və muzey işinin inkişafına, abidələrin mühafizəsinə və ictimai marağın artırılmasına mühüm töhfələr verir. Simpoziumun bölmə iclaslarında isə “Qoruq və muzeylərin tarixi və çağdaş rolu”, “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması”, “Muzey pedaqogikası və təhsildə tətbiqi” kimi mövzular ətrafında geniş elmi müzakirələr aparılıb. Tədbir çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim olunub, 100-dən çox iştirakçı simpoziuma qatılıb. Nəticədə, simpozium materiallarının toplusu da hazırlanacaq. Beləliklə, Qubada keçirilən bu nüfuzlu elmi toplantı bir daha sübut etdi ki, qoruqlar və muzeylər sadəcə keçmişin xatirəsi deyil, gələcəyə uzanan canlı bir körpüdür.