İCRA BAŞÇISI “BİLİK GÜNÜ”NDƏ ZİZİK MƏKTƏBİNDƏ OLDU
Baxış sayı: 13
15 Sentyabr - Bilik Günü ilə əlaqədar Quba rayonunun bütün təhsil ocaqlarında tədbirlər keçirilib. Əliheydər Rüstəmov adına Zizik kənd tam orta məktəbində keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, müəllimlər və şagirdlər iştirak edib.
Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov və digərləri müəllim və şagird heyətini Bilik günü münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunublar.
Qeyd edək ki, tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Zizik kəndinin girişində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xatirəsinə yaradılmış bulaq xatirə kompleksini və Zizik kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliheydər Rüstəmovun büstünün önünə gül dəstələri düzmüşdür.