İCRA BAŞÇISI ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Novruz bayramı ərəfəsində Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti dəfə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının digər məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİH başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib. Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev geniş çıxış edərək görüş iştirakçılarını qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik etmiş, şəhid ailələrinə göstərilən dövlət qayğısı, eləcə də rayonda bu istiqamətdə görülən işlər barədə bilgi vermişdir. Görüşdə şəhid ailələrini maraqlandıran məsələlər ətraflı dinlənilmiş, həmin məsələlərin həlli məqsədilə görüşdə iştirak edən aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə lazımi tapşırıq və tövsiyələr verilib. Şəhid ailələri belə görüşlərin təşkilinə görə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə ediblər. Rayon rəhbəri görüşə yekun vuraraq bir daha hər kəsi qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik etmiş, şəhid ailələrinə bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirib.