İCRA BAŞÇISI TƏNGƏALTI KƏNDİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Çiçi kənd inzibati ərazi dairəsinin Təngəaltı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən rayonumuzda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri və görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verildi. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflərin operativ şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçu Altun Əliyevin xatirəsinə yaradılmış guşənin, Təngəaltı kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Rizvan Cəbrayılovun büstünün, həmçinin təhsil müəssisəsindəki Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər.