İCRA BAŞÇISI QƏÇRƏŞ KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qəçrəş kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi İbrahim Şahmərdanovun Qəçrəş kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün qarşısına gül dəstələri düzüblər.