İCRA BAŞÇISI LEYSAN YAĞIŞINDAN SONRA FƏSADLAR YARANAN 2 KÖRPÜYƏ BAXIŞ KEÇİRİB

Qubada ötən gün rayonun Xanagah kəndində Cağacıq çayının üzərində inşa edilən körpüləri leysan yağışlar nəticəsində yaranan sel-daşqınların istifadəyə yararsız hala salması barədə məlumat vermişdik.

Nəticədə kəndin məhəllələri arasındakı gediş-gəliş əlaqəsi kəsilib. Bu gün Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əlaqədar qurumların məsul şəxsləri ilə birlikdə həmin körpülərə baxış keçirib. İcra başçısı Ziyəddin Əliyev gediş-gəliş əlaqəsinin müvəqqəti bərpa edilməsi üçün əraziyə texnikanın cəlb olunması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş və tövsiyələrini verib.Qeyd edək ki,Cağacıq çayında suyun həcmi hələ azalmayıb, sel-daşqınlar davam edir. Yerigəlmişkən, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu gün rayonun Mirzəqışlaq kəndində də olub,kənd sakinləri ilə görüşüb.Xatırladaq ki,mirzəqışlaqlılar bir neçə gün öncə yaşadıqları kənddə həlli vacib olan sosial layihələrin icrası,xüsusən suvarma suyu təminatındakı çatışmazlıqlarla bağlı rayon rəhbərinə müraciət etmişdilər.Kəndə gəlib vətəndaşları dinləyən Ziyəddin Əliyev onların haqlı tələblərinin yerinə yetiriləcəyi vədini vermişdi.2 gün öncə verilən vədlərin icrasına başlanması kənd sakinlərinin razılığına səbəb olub.Qeyd edək ki,bugündən Bakı-Quba yolundan Mirzəqışlağadək olan 2,5 km uzunluğundakı kənd yolunun əsaslı təmirinə başlanıb və yaxın günlərdə bu yaşayış məntəqəsində də kommunal sahələrdə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görüləcək.