Oktyabrın 7-də HƏMAS silahlılarının İsrailə qarşı başlatdıqları “Əqsa tufanı” əməliyyatı Orta Şərqdə terror yuvalarının məhvi üçün geniş antiterror əməliyyatlarının başladılmasına zəmin
yaratdı. Tehranın ziddiyyətli bəyanatlarına baxmayaraq, İsrailə qarşı yeni hücumun İran hakimiyyətinin istəyi, SEPAH-ın “Qüds” qüvvələrinin dəstəyi ilə başladığına şübhə yoxdur. İki gün ərzində yüzlərlə insanın ölümü, minlərlə insanın yaralanması ilə nəticələnən hücumdan İran hakimiyyəti mümkün qədər siyasi təbliğat vasitəsi kimi istifadə etməyə, İsraili zəif göstərməyə çalışır. Ancaq İran İsrailin bəlkə də “qəfl və gözlənilməz” hücuma məruz qalmaqda maraqlı olması ehtimalını unudur. HƏMAS silahlılarının ilk hücumda mülki insanlara qarşı qəddar davranışları onların mahiyyətini ifşa etdi, beynəlxlq ictimaiyyətin mütərəqqi kəsiminin onlara qarşı münasibətinin birmənalı olaraq pisləşməsinə səbəb oldu. Bu isə İsrailin terrorçulara qarşı geniş və amansız hərbi əməliyyatlara başlamasına tutarlı əsas verdi. Qəzza zolağında yerləşən silahlılara qarşı əməliyyat İranın bölgədə ən vacib dayaqlarından birini itirməsi ilə yanaşı, həm də uzun illərdir Orta Şərqdə sülh və sabitliyi təhlükəyə salan bütün terror yuvalarının məhvinin başlanğıcıdır. Tehran hakimiyyəti yaxşı bilir ki, Qəzzadan sonra İraq, Suriya, Yəmən və başqa bölgələrdə yetişdirdiyi və təşkilatlandırdığı terror qruplaşmaları ard-arda zərərsizləşdiriləcək, onun təhdid və terror yolu ilə mövcudluğunu qorumaq imkanları əlindən alınacaq.