Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə anım mərasimi keçirildi.Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Rusiyanın şimal paytaxtında da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb.
Sankt Peterburqdan olan xüsusi müxbirimizin hazırladığı reportajı təqdim edirik. Anım mərasimdə çıxış edən Baş konsul Sultan Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyəti, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarları barədə danışdı. Baş konsul bildirdi ki, Azərbaycan dünyanın inkişaf edən ölkələrindəndir və Cənubi Qafqazda bütün göstəricilər üzrə lider ölkədir. Sultan Qasımov Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sahəsində Azərbaycanın gündən-günə gücləndiyini və sözün əsl mənasında beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğuladı.Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. O, dahi siyasətçinin 2002-ci ildə Sankt-Peterburqa baş tutmuş rəsmi səfəri zamanı vaxtı ilə Qoroxovaya küçəsində təhsil aldığı binanın önünə gəldiyini bildirdi. V.Məmişov qeyd etdi ki, bu gün həmin ünvanda Ulu öndərin barelyefi qarşısında onun əziz xatirəsini anmaq hər bir həmvətənlimizin mənəvi borcu və böyük şərəfdir. O, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsi ideyasının məhz ümummilli lider Heydər Əliyevə məxsus olduğunu və onun uzaqgörən siyasəti nəticəsində bu birliyin əmələ gəldiyini vurğuladı. Tədbirin yekununda ulu öndər Heydər Əliyevin əziz xatirəsini anan həmvətənlərimiz onun barelyefi önünə gül dəstələri qoydular, xatirə şəkilləri çəkdirdilər.