HEYDƏR ƏLİYEV ZİRVƏSİ
Baxış sayı: 961
Tarixin taleyüklü məqamlarında, vətən ağır sınaqlarla üz- üzə qalanda xalqın xilaskarı olmaq vəzifəsinin böyük tarixi şəxsiyyətlərin üzərinə düşməsi danılmaz bir həqiqətdir. Həmin tarixi şəxsiyyətlərin ki, onlar bütün varlıqları ilə doğma vətənə, millətə bsğlı olurlar. Belə tarixi şəxsiyyətlərin ən görkəmli nümayəndələrindən biri də, Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevdir. Düz 99 il bundan əvvəl may ayının 10 – da qədim Naxçıvan torpağında dünyaya göz açan ulu öndər Heydər Əliyevin böyük ürəyi, həyatının bütün dövrlərində hər zaman Azərbaycan xalqı üçün döyünüb. Azərbaycan xalqının dahi oğlu vətənə xidməti daima özünə borc bilib. Dahi rəhbər 1969 – cu ildə Azərbaycana rəhbər təyin olunanda ölkəmiz keçmiş ittifaq respublikaları içərisində ən aşağı iqtisadiyyata malik, geridəqalmış bir əyalət statusunda idi. Dahi şəxsiyyətin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində qısa müddətdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə çox sürətli inkişafa nail olundu.