GƏNCLƏR XOCALI SOYQIRIMINI DÜNYAYA BƏYAN ETMƏK ÜÇÜN TOPLAŞDILAR

   Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci

ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutmadıq, unutdurmarıq!” adlı konfrans keçirilib.

   Əvvəlcə konfrans iştirakçıları gənclərin Xocalı faciəsinə həsr edilən rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.

   Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən konfransda Ümummilli Lider Heydər Əliyev, Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev və Əlil Qadınlar Cəmiyyətinin sədri, Qərbi Azərbaycan İcmasının Çəmbərək rayonu, Qadınlar şurasının sədri, ictimai xadim Məhluqə Qaramanlı çıxış edərək, bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə və insanlığa qarşı yönəldilib. Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənərək, bu şəhərdə respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdiyi, konfrans iştirakçılarının diqqətinə çatdırılıb.Tədbir bədii hissə ilə davam edib. ADPU-nun Quba filialında təhsil alan tələbələrin hazırladığı Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı özündə əks etdirən tamaşa nümayiş olunub, şeir və vətənpərvər musiqilər səsləndirilib.