GƏDƏBƏYDƏ KOROĞLU QALASINA YOL ÇƏKİLİB

Uca dağlar qoynunda yerləşən, səfalı təbiətə və zəngin

maddi-tarixi irsə malik

Gədəbəy rayonunda turizmin inkişafı məqsədilə XVI əsrin tarixi yadigarı olan Koroğlu qalasına ilk dəfə yol çəkilib.

Gədəbəydə  rayon icra hakimiyyətinin təşəbbüsü ilə dağın dibindən qalaya qədər 740 metr yol salınıb. Dağın ətəyi boyunca salınmış yol terraslardan və pilləkənlərdən ibarətdir. Bu məqsədlə qala yolunda 438 pilləkən, həmçinin yüksəkliyə aparan yolun daha da təhlükəsizliyi üçün sürahi - kəndirlər quraşdırılıb.

Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalığın zirvəsində yerləşən bu tarixi abidə xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı ölkəmizdəki çoxsaylı qalalardan biridir.

Koroğlu qalası Gədəbəy rayonundan təxminən 7-8 kilometr məsafədə yerləşir. Qalaya gedən yol səfalı Miskinli və Qalakənd kəndlərindən keçir. Dağ ətəkləri boyunca yamyaşıl, güllü-çiçəkli yaylaqlardan keçən asfalt yol turistləri Koroğlu qalasının yerləşdiyi dağa yaxınlaşdırır. Yüksəklikdən salınmış avtomobil yolundan baxarkən qarşıda hər iki kəndin cərgələnmiş evlərinin bağ və bağçaların füsunkar mənzərəsi açılır. Sıldırım qayaların dibindən axan kiçik dağ çayları, yamaclardakı meşələr bu yerlərə səfər edən hər kəsə heyrətamiz təsir bağışlayır. Çox keçmədən yüksək dağ üzərində divar və bürcləri zamanın təsiri ilə uçub dağılmış, lakin hələ də öz əzəmətini qoruyub saxlayan Koroğlu qalası görünür.

Qala hərbi-strateji baxımdan uca, əlçatmaz yerdə tikilib. Sıldırım qaya üzərində ucaldılmış möhtəşəm Koroğlu qalası strateji baxımdan olduqca əlverişli yerdədir. Özünəməxsus memarlıq xüsusiyyətlərinə malik qalanın qərb tərəfi sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar. Müdafiə məqsədilə inşa olunmuş Koroğlu qalasında yeraltı gizli yol və gizli su xətti də aşkar edilib. Saxsı borularla gələn su qalanın içərisində inşa edilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür.