GƏDƏBƏYDƏ  İLK DƏFƏ MİLLİ YAYLAQ FESTİVALI KEÇİRLİR

İyulun 26-dan Gədəbəydə Milli Yaylaq Festivalına başlanılıb. Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu,

Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnospor Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb. Festivalın qonaqları arasında Azərbaycanın qədim oyunlarının və gələnəklərinin dirçəldilməsi, tanıdılıb yaşadılması üçün işlər görən “Çölçü Klubu”nun  yaradıcısı və “Qafqaz” MTRŞ-nin direktoru Eltən Qədimbəyli olub. Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb. Milli Yaylaq Festivalı şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir. Festival iyulun 28-dək davam edəcək.