GÜNÜMÜZDƏ TEXNOLOGİYA

Texnologiya 21-ci əsrə qədər uzun inkişaf yolu keçib. Bu gün yaşamımızı texnologiyalarsız təsəvvür edə bilmirik. Amma əslində texnolgiyanın insan həyatına faydaları olduğu kimi, ziyanları da var.

İlk olaraq hazırda internet sürətli informasiya əldə etmə mənbəyidir. Dünyanın istənilən  yerindən arzu olunan anda hər bir bilgini əldə etmək mümkündür. İnsanlar əvvəllər hər hansı mövzu üzrə kitabxanalarda saatlarla araşdırma aparırdılarsa, indi internetdə istənilən mövzu haqqında ətraflı öyrənə bilirlər.  Bu inkişafa internetin insan həyatına bəxş etdiyi fayda kimi baxa bilərik , amma başqa yöndən baxsaq, buradakı zərərlər də gözdən qaçmaz. Məsələn, kitabxanalarda bir mövzu haqqında axtarış edərkən məlumatları sırf özünüz axtararaq tapırdınız və bu isə tədqiqatçılıq, axtarış bacarıqlarının inkişafına səbəb olurdu. İndi isə kiminsə tapdığı məlumatları heç bir çaba sərf etmədən istifadə edirik. Bundan əlavə texnologiya insan münasibətlərinə də təsir göstərib. Əvvəllər insanlar görüşər, hansısa mövzular haqda söhbət edər, hal-əhval tutardılar. İndi sadəcə sosial şəbəkələrdən istifadə etməklə əlaqə saxlayırlar ki, bu da insanlar arasındakı bağın qırılmasına səbəb olur, səmimiyyət azalır. Texnologiyadan istifadə səbəbindən təbiətə yayılan radiasiya şüaları da gözardı edilməməlidir.