ERMƏNİSTANI İRANA SEVDİRƏN NƏDİR ?

Cənubi Qafqazın aparıcı qüvvəsi olan Azərbaycan hər zaman sülhün, humanizmin dəstəkçisi kimi tanınıb. Xarici siyasətini qonşu dövlətlərlə dost münasibətləri səviyyəsində aparmağa çalışan ölkəmiz, təəssüf ki, zaman-zaman bunun əksi ilə qarşılaşıb. Vətən müharibəsindən sonra İranın Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe təəssüf doğurur. Savaşdan sonra tez-tez Ermənistanla sərhədə görə əl-ayağa düşən cənub qonşumuzun ali rəhbəri Ayətullah Əli Xamenei də ötən günlərdə bu məsələni dilə gətirib. Belə ki o, haylarla sərhədin “minillik” tarixindən danışaraq, əslində, tarixi həqiqətləri kobud şəkildə pozdu. Azərbaycana dil uzadaraq ölkəmizi sionizmi dəstəkləməkdə ittiham edən İran, görəsən, niyə 30 illik işğal dövründə dindaşlarının, eyni tarixi bölüşdüyü qonşusunun yanında yer almayıb? Sərhədlərin toxunulmazlığından dəm vuran Ayətullah İranın Azərbaycanla 130 kilometrlik sərhədi işğalda olanda niyə səsini çıxarmayıb? Təkrar-təkrar Ermənistanla yaşanacaq hər hansısa bir sərhəd dəyişikliyindən narahatlıqlarını dilə gətirən qonşumuz, bu gün niyə belə bir fikri səsləndirməyi vacib hesab edib? Yoxsa Zəngəzur dəhlizinin bölgəyə qazandıracağı dividentlər gözünü qorxudur? Bəli, nəzarətsiz qalan yurd – yuvamıza leş yeyən kimi daraşanların arasında cənub qonşumuz olan din qardaşlarımızın da olduğunu görmək acı həqiqətdir. Ümid edirik ki, belə gülünc fikirlər səsələndirməklə özlərini gülünc vəziyyətə qoyan cənub qonşumuz, əsl həqiqətin nə olduğunu nə zamansa dərk edəcək.