ERMƏNİSTAN KONSTİTUSİYASINA DƏYİŞİKLİK ETMƏK İSTƏMİR?

Ermənistan heç vaxt Konstitusiyasına dəyişiklik etmək üçün heç bir üçüncü tərəf qarşısında öhdəlik götürməyib və götürməyəcək.Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik etmək Ermənistan vətəndaşlarının müstəsna olaraq qərar verəcəyi məsələdir və daxili siyasi gündəmin bir hissəsidir. Mirzoyan vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bunu ilkin şərt kimi qoymağa davam etsə də, Ermənistan tərəfi belə bir tələbi qəbul etmir: “Konstitusiyaya dəyişiklik edilməsi məsələsi bizim daxili işimizdir və dövlətimizin daxilində qəbul edilən qərarları heç bir kənar qüvvə diktə edə bilməz”. Qeyd edək ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün hal-hazırda tələb etdiyi 2 müddəadan biri Ermənistan konstitusiyası və qanunvericilik aktlarında özünə və qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması və dəyişikliklərin edilməsidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın mövcud Konstitusiyası ölkənin sülh öhdəliklərinə uyğun gəlmir və gələcəkdə imzalanacaq müqavilənin davamlılığına ciddi təhlükə yarada bilər. Xüsusilə də, sənəddə Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərində iddialara yer verilməsi regional sabitlik baxımından ciddi narahatlıq doğurur.