ERMƏNİSTAN HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR
Baxış sayı: 283
2024-cü il yanvarın 23-dən aprelin 12-dək Ermənistanda birinci ehtiyat qrupunun birinci və ikinci dərəcəli ehtiyatda olan hərbçiləri üçün təlim-məşq toplanışları elan ediləcək. Ermənistan KİV-nin verdiyi bilgiyə görə, təlimdə 2838-dək nəfərin iştirakı planlaşdırılıb. Onlardan 2579-u sıravi və kiçik zabitlər, 98-i yüksək rütbəli zabitlər, 161-i birləşmiş zabitlər korpusunun (motoatıcı, siqnal, kəşfiyyat, mühəndis, raket və artilleriya qoşunları) ehtiyatda olan hərbçiləridir. Elan edilmiş təlim məşğələlərinə hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb olunacaq. Ekspertlərin fikrincə bu daha əvvəlcədən Ermənistan ordusunun hazırlıq planına daxil edilən fəaliyyətlərdən biridir. Görünən odur ki, Ermənistan tərəfi bu təlimlərin sayını artırmaqla, daha çox insanı orduya cəlb etmək, cəlb edildikdən sonra onlara müəyyən şərtlər altında, yəni maaş vermək, orduda müddətdən artıq xidmət etmək üçün təkliflər, müqavilələr ortaya qoymaqla, həmin müqavilələr əsasında Ermənistan ordusunda müharibədən sonra yaranan böyük sayda vakant vəzifələri məhz bu ehtiyatda çağırılanların hesabına doldurmaq istəyir.