ERMƏNİSTAN 102-Cİ HƏRBİ BAZANI BAĞLAYIR?
Baxış sayı: 15
Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdə yerləşən 102-ci hərbi bazasının çıxarılması tələbi ilə genişmiqyaslı etiraz aksiyası keçiriləcək. “Respublika Naminə” partiyasının sədri Armen Babacanyan sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, aksiya 23 avqust, şənbə günü, saat 15:00-da Gümrüdə təşkil olunacaq.Babacanyan vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi xarici dövlətlərin hərbi mövcudluğuna söykənməməlidir: “2020-ci il müharibəsi və 2023-cü ildə Qarabağın itirilməsi Rusiya bazasının gözü qarşısında baş verdi. 102-ci hərbi baza Ermənistanın müstəqilliyi və təhlükəsizliyi üçün təhdiddir. Ölkənin əsl müdafiəsini yalnız onun öz silahlı qüvvələri təmin edə bilər”.Aksiya çərçivəsində İrəvandan Gümrüyə avtobus reysləri təşkil olunacaq. Xatırladaq ki, Ermənistan cəmiyyətində son aylarda Rusiya hərbi bazasının fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır və müxalif qüvvələr bu məsələni gündəmdə saxlamağa çalışır. Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.