ERMƏNİLƏRİN AZƏRBAYCAN TURİZMİNƏ VURDUĞU ZƏRƏR
Baxış sayı: 589
Azərbaycan da malik olduğu zəngin neft-qaz ehtiyatlarına, bu ehtiyatlardan əldə etdiyi böyük gəlirlərə baxmayaraq nə zamansa tükənəcək bu gəlir mənbələrinə arxayın deyil və qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi turizmin inkişafına iri sərmayələr qoyur. Şübhəsiz ki, Azərbaycanda onun malik olduğu iqlim şəraiti, coğrafiyası, təbiəti baxımından böyük turizm potensialı var.
Lakin Ermənistanın hərbi təcavüzü və ərazilərimizin 20 faizinin 30 ilə yaxın bir müddətdə işğal altında olması bu potensiala ciddi zərbə vurub. Çünki Azərbaycanın turizm baxımından ən əlverişli əraziləri, Dağlıq Qarabağ və ona bitişik ərazilər erməni işğalı altında olub. Təxmini hesablamalar da kifayətdir ki, bu ərazilərin işğal altında olması nəticəsində Azərbaycanın təkcə turizmdən ildə hansı həcmdə gəlirlərdən məhrum olduğu aydınlaşsın. Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda cəmləşsə də regionun bütün bölgələri müalicə və istirahət üçün yararlıdır. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq, Ağdamda isə 80-ci illərdə turizmin potensialı inkişaf etdirilmişdi. Təkcə bu faktı xatırlatmaq kifayət edər ki, Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifadəyə verilib. Bu isə həmin dövr üçün çox əlamətdar bir hadisə idi.