ERMƏNİLƏR XOCAVƏNDİ ATƏŞƏ TUTUB
Baxış sayı: 470
Erməni Silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı təxribatları səngimək bilmir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları tərəfindən ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bu, ilk belə hal da deyil. Bundan öncə də müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Erməni terrorçularının təxribatçı əməllərinə Rusiya sülhməramlıların göz yumması isə ayrı bir mövzudur və haqlı olaraq bu, Azərbaycanda etiraz doğurur. Əslində Qarabağda baş vermiş təxribatlara görə Rusiya sülhməramlıları erməni silahlılarından daha çox məsuliyyət daşıyır. Çünki Rusiya sülhməramlılarının bölgədə atəşkəsi qorumaq kimi öhdəliyi var və bu, dəfələrlə Azərbaycan tərəfindən bəyan edilib. Bununla belə, baş verən təxribatlar onu deməyə əsas verir ki, rus sülhməramlıları tərəfindən heç bir tədbir görülmür. Belə olan halda, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılması və qeyri-qanuni erməni hərbi birləşmələrinin cəzalandırılması məsələsi öz aktuallığını qoruyacaq.