ERMƏNİ ORDUSU ƏSGƏRSİZ QALACAQ…

“Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanması prosesi gecikdiyi halda hücum etməmək haqqında pakt imzalamağı təklif edib”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Ordu Günü”nə həsr olunan çıxışında deyib. “Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı halda hücum etməmək haqqında pakt imzalamaq təklif olunub”, – deyə Paşinyan bildirib. O qeyd edib ki, Ermənistan sülh gündəminə sadiqdir və bundan dönməyəcək. Paşinyan həmçinin bildirib ki, Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyur və bu istiqamətdə irəliləyir. Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı. “Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”, – deyə Paşinyan bildirib. Habelə Erməni Baş nazir çıxışı zamanı ölkəsində gənclərin ordudan yayındığını da etiraf edib. Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur. “Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”, – deyə Paşinyan əlavə edib. Ermənistanın Baş naziri həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini də qeyd edib.