ERMƏNİ KEŞİŞ “VAZGEN”İN ÖLDÜYÜNÜ BİLDİRİB

İrəvanın Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin Kentron iqamətgahında “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və digərlərinin işi üzrə ilk məhkəmə iclası başlayıb. Qalstanyan və tərəfdarları terror aktları hazırlamaqda və hakimiyyəti silahlı yolla ələ keçirilməsinə cəhddə ittiham olunurlar. İclasda Qalstanyan hakimdən onun dünyəvi adı olan Vazgen adından istifadə etməməyi xahiş edib və bildirib ki, “Vazgen Qalstanyan 1995-ci ildə vəfat edib” və o, keşiş təyin edilib. Hakim onun istəyinə etiraz etməyib. Qeyd edək ki, dinləmələrə paralel olaraq “Müqəddəs Mübarizə” hərəkatının və kilsənin yüzlərlə tərəfdarı həbs olunanların azadlığa buraxılması tələbi ilə məhkəmə binası qarşısında etiraz aksiyası keçirir. Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının lideri Qalstanyan iyun ayının sonunda həbs edilib. Daha sonra Ermənistan İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığı barədə bilgi yayıb. Erməni politoloqların fikrincə Paşinyanın 2 gün əvvəl Erməni Apostol Kilsəsinin ruhanilərini təhqir etdiyinə görə üzr istəməsi təsadüfi deyil. O, bu addımı bu gün məhkəmədə baş verəcək hadisələri əvvəlcədən planlaşdırıb. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ruhanilərinin ünvanına təhqir və vulqar ifadələr işlətdiyinə görə üzr istəyib. "Mənim üzrxahlığım Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qərar qəbul etdiyi iki konkret bəyanatla bağlıdır", - deyə o, özünün Facebook- səhifəsində yazıb.