Bədəndə enerji çatışmazlığı hiss etdikdə bir çox insan şokolada üz tutur. Lakin bəzi meyvələr də orqanizmin enerji ehtiyacının ödənilməsinə kömək edə bilər.
Üstəlik, bu meyvələr tərkibindəki vitamin və minerallarla sağlam qidalanmaya töhfə verir. Qafqaz TV-nin Rusiya KİV- lərinə istinadən verdiyi bilgiyə görə, dietoloq Yuliya Lemetina enerji mənbəyi kimi meyvələrə də diqqət yetirməyi tövsiyə edir. Şokoladın bəzi növlərində əlavə edilmiş şəkərin miqdarı yüksək ola bilər. Meyvələrdə isə təbii şəkərlərlə yanaşı, orqanizm üçün faydalı qida maddələri də mövcuddur. Bəs enerji ehtiyatlarının bərpasına kömək edə biləcək meyvələr hansılardır? İlk pilləni vitamin və minerallarla zəngin olan Xurma meyvəsi tutur. Xurma hər kəsin sevimli meyvəsi olmasa da, onu qida rasionuna daxil etməyə dəyər. Bu meyvənin tərkibindəki şəkərin miqdarı 16 faizə qədər çata bilər. Məhz buna görə də xurma bəzən yüksək kalorili meyvə hesab olunur. Bununla belə, xurma yalnız enerji mənbəyi deyil. O, A, B və C qrup vitaminləri ilə yanaşı, kalium və fosfor kimi mühüm mineralları da ehtiva edir. Bu qida maddələri orqanizmin normal fəaliyyətində, sinir sisteminin və immun müdafiənin dəstəklənməsində mühüm rol oynayır. Sıralamada ikinci pilləni enerji verən və toxluq hissi yaradan banan meyvsi tutur. Banan karbohidratlarla zəngin olduğundan orqanizmin enerji ilə təmin olunmasına kömək edən meyvələrdən biridir. Ölçüsündən asılı olaraq, bir bananın enerji dəyəri təxminən 100 kalori təşkil edə bilər. Bananın tərkibi əsasən su və karbohidratlardan ibarətdir, yağın miqdarı isə çox aşağıdır. Tərkibindəki nişasta və lif sayəsində toxluq hissinin yaranmasına kömək edir və aclığın daha gec hiss olunmasını təmin edə bilər. Sıralamanın üçüncü pilləsini vitamin və minerallar mənbəyi hesab edilən Manqo meyvəsi tutur. Manqo həm dadı, həm də qida dəyəri ilə seçilən tropik meyvələrdəndir. Onun 100 qramının enerji dəyəri orta hesabla 60 kalori təşkil edir. Meyvənin tərkibinin böyük hissəsini su təşkil edir. Manqo müxtəlif vitaminlərlə, eləcə də orqanizmin normal fəaliyyəti üçün vacib olan minerallarla zəngindir. Bu xüsusiyyətləri onu gündəlik qidalanmada istifadə edilə biləcək faydalı meyvələrdən birinə çevirir.
