ELTƏN TÖRƏÇİ :"MİLLİ İRSİMİZİ GƏLƏCƏYƏ DAŞIMALIYIQ"

Azərbaycanın milli-mədəni irsinin qorunması və qədim türk düşüncə ənənələrinin yaşadılması istiqamətində fəaliyyət göstərən "Çölçü Mədəni İrsin İnkişafı" İctimai Birliyi fəaliyyət istiqamətlərini ictimaiyyətə təqdim edib.

Səhər yeməyi formatında təşkil olunan tanıtım tədbirində müxtəlif sahələri təmsil edən ziyalılar, ictimai xadimlər və media nümayəndələri bir araya gəliblər. Tanıtım tədbirinin əsas məqsədi "Çölçü Mədəni İrsin İnkişafı" İctimai Birliyinin qarşıya qoyduğu hədəfləri, fəaliyyət istiqamətlərini və gələcək layihələrini ictimaiyyətə təqdim etmək olub. Birliyin sədri Eltən Törəçi çıxışında bildirib ki, çölçülük məfkurəsi türk xalqlarının minilliklər boyu formalaşmış dünyagörüşünün mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, bu düşüncə sistemi azadlıq, dövlətçilik, milli kimlik və mənəvi dəyərlərə söykənən zəngin tarixi irsi özündə ehtiva edir. Sədr qeyd edib ki, İctimai Birliyin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin araşdırılması, qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində sistemli fəaliyyət göstərmək, eləcə də bu sahədə maarifləndirici layihələr həyata keçirməkdir. Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, yazıçı-publisist Əkbər Qoşalı, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuad Kayhan, iş adamı və MÜSİAD Məşvərət Şurasının üzvü Rəşad Cabirli, eləcə də digər tanınmış ictimaiyyət nümayəndələri çıxış edərək təşəbbüsü yüksək qiymətləndiriblər.Çıxışlarda vurğulanıb ki, qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və mədəni irsin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Çıxış edənlər bildiriblər ki, bu istiqamətdə fəaliyyət göstərən ictimai birliklər cəmiyyətin milli kimliyinin möhkəmlənməsində, vətənpərvərlik ruhunun gücləndirilməsində və ictimai həmrəyliyin formalaşmasında mühüm rol oynayırlar. Qeyd olunub ki, elm, media və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı milli irsin daha geniş auditoriyaya çatdırılması və beynəlxalq müstəvidə tanıdılması baxımından da böyük əhəmiyyət kəsb edir. Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə gələcək əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, eləcə də milli-mədəni irsin təbliği istiqamətində yeni təşəbbüslər müzakirə olunub. Tədbir iştirakçıları belə platformaların cəmiyyətin müxtəlif təbəqələri arasında dialoqun genişlənməsinə, milli dəyərlərin qorunmasına və mədəni irsin yaşadılmasına mühüm töhfə verdiyini bildiriblər. Tədbirin sonunda xatirə fotosu çəkdirildi.