DƏNİZ SUYUNUN MONİTORİNQİ KEÇİRİLİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-dək çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər.

Ekoloji Monitorinq İdarəsinin keçirdiyi çimərlik ərazilərində dəniz suyunun monitorinqi zamanı ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir. Bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova deyib.Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zuğulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir:“Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır”.